kargo

“Binaya girmək üçün pul veririk”

“Binaya girmək üçün pul veririk”

78676
Bakıda sakinlər yaşadıqları binada əsassız qiymət artımından şikayət edirlər.

AMİA.AZ xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına bir qrup sakin tərəfindən şikayət məktubu göndərilib.

Söhbət paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92 A ünvanında yerləşən “ASP” MTK (ticarət nişanı “Melissa Group”) yaşayış kompleksindən gedir.

Sakinlər iddia edirlər ki, sözügedən yaşayış kompleksinin qarajında 01.01.2022-ci il tarixindən standart parkinq yerləri üçün aylıq ödənişlərin 75 manatdan başlayacağı qeyd edilən elan vurulub:

“Hazırda parkinq yerləri üçün aylıq ödəniş 50 manatdır. Elanda isə bu qiymətlərin fövqəladə şəkildə qaldırılacağı əks olunur. Bu elanın kim tərəfindən yerləşdirildiyi bilinmir. Üstəlik aylıq ödəniş edilən zaman heç bir sənəd verilmədiyi üçün xidmət göstərən tərəfi də müəyyənləşdirmək çətindir. Ümumiyyətlə münasibətlər müqavilə ilə rəsmiləşdirilmədiyindən göstərilən xidmətin məzmunu və xidmət göstərən tərəfin öhdəlikləri də bəlli deyil. Faktiki olaraq sakin kimi öz yaşadığımız binaya girmək üçün şlaqbaumun qaldırılmasına görə pul ödəyirik. Bununla bağlı dəfələrlə tikinti şirkətinin rəsmi nümayəndələri ilə görüşmək istədiyimizi bildirmişik. Bir dəfə bizimlə görüş oldu, dinlədilər.

İki gün ərzində məsələ ilə bağlı bir nəticəyə gəlinəcəyi deyilsə də, bu günə qədər bir söz deyən olmayıb. Sakinlər adından artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə rəsmi müraciət ünvanlamışıq. İnanırıq ki, aidiyyəti üzrə dövlət qurumları bu cür əsassız qiymət artımı cəhdlərinin qarşısının alınması istiqamətində zəruri tədbirlər görəcəklər”.

Məsələ ilə bağlı “ASP” MTK yaşayış kompleksinin rəsmi səhifələrində qoyulan əlaqə nömrələri ilə dəfələrlə əlaqə saxladıq. Cavab verən əməkdaşlar rəsmi açıqlama verə biləcək səlahiyyətdə olmadıqlarını və səlahiyyətli nümayəndələrin hazırda ofisdə olmadığını dedilər.

Nəhayət üç gün rəsmi nümayəndə axtarışından sonra Arzuman adlı nümayəndənin əlaqə nömrəsini əldə etdik.

Bir neçə cəhddən sonra zəngə cavab verən Arzuman bəyə sakinlərin qaraj qiyməti ilə bağlı artımlardan narazı olduqları, şikayət ünvanladıqları barədə məlumat verildik. Məsələyə münasibət bildirməsini xahiş etsək də, o da aidiyyəti şəxslərin tədbirdə olduğunu bildirdi. Gün ərzində səlahiyyətli şəxslərin redaksiya ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmələrini rica etsək də təəssüf ki, əlaqə saxlayacaq səlahiyyətli nümayəndə tapılmadı.

Sakinlərin də dediyi kimi, görünən odur ki, doğrudan da nə problemin mənbəyi, nə də həlli üçün müraciət ediləcək bir tərəf yoxdur.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ