"Ümumiyyətlə, insanlar adətən bilmədiyi və yeni nədənsə qorxmağa başlayır. Koronavirus da yeni virus olduğu və elmin də bu virusla bağl hər şeyi deyə bilməməsi insanlarda qorxu yaradır. Amma əslində virusdan qorxmaq üçün səbəb yoxdur". Bu fikirləri SİA-ya həkim-terapevt Zaur Orucov deyib.
O bildirib ki, qorxu insanlara virusla bağlı çoxlu sayda informasiyaları sürtgəcdən keçirməyə imkan vermir: " Məhz bu səbəbdən də bəzilərimiz mənasız yerə təşvişə düşür, məsələnin məğzini düzgün anlamırıq".
Mütəxəssis söyləyib ki, əgər bədəndə immun sistemi zəifdirsə, onun təkcə koronavirusa deyil, bütün viruslara yoluxma ehtimalı yüksəkdir: "Biz koronavirusdan danışarkən qripi də vurğulamalıyıq. Bildiyiniz kimi Azərbaycanda vurisa qarşı görülən tədbirlərə əsasən təhsil ocaqları müəyyən müddətə qədər bağlanılıb. Amma nədənsə bəziləri bu qərarı tibbdə hansısa problemlərin olması ilə əlaqələndirirlər. Lakin onlar anlamır ki, görülən tədbirlər təkcə koronavirusa görə deyil, bütün respirator viruslara qarşıdır. Çünki, qrip virusu uşaqlar üçün koronavirusdan daha təhlükəlidir. Bildiyiniz kimi aparılan araşdırmalar nəticəsində məlum olub ki, uşaqların yeni növ virusa tutulma ehtimalı çox aşağıdır və infeksiya daha çox yaşlı insanlar üçün təhlükəlidir. Amma qrip bütün yaş kateqoriyasında olan insanlarda ciddi fəsadlara səbəb ola bilir".
Həkim qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı məlumatda hər il orta hesabla 500 min insan qripdən dünyasını dəyişir: " İnsanların xəstəlikdən dünyasını dəyişməsinin də müxtəlif səbəbləri ola bilər. bəzən tibb özü də xəstəliklə mübarizədə gücsüzdür. Çünki insan yaşlı olduqda, hər hansı digər xəstəliyi olduqda həmin şəxslərdə qrip virusu çox ağır keçə bilir".
Z. Orucov vurğulayıb ki, dünyada ağır xəstəliklər olduğu halda koronavirusdan qorxmaq lazım deyil: "Biz daha çox şəkər, xərçəng xəstəliklərindən qorxmalı, tütündən istifadədən, düzgün qidalanmamaqdan çəkinməliyik. Çünki dünyada il ərzində bu cür xəstəliklərdən ölənlərin sayı koronavirusdan dünyasını dəyişənlərin sayından daha çoxdur. Koronavirusdan qorunmaq hardasa bizim əlimizdə olmaya bilər, amma yuxarıda ölümə səbəb olan xəstəliklərdən qorunmaq bizim əlimizdədir. Ona görə də hesab edirəm ki, biz həmin xəstəliklərdən özümüzü qorumalıyıq".