Kimsə ürəyini sıxmasın, nahaq,
Kimsə qapılmasın ümidsizliyə.
Bizi haqq yolunda diri tutan Haqq,
Özü də dözməyir, bu səssizliyə.
Bu həmin millətdi, ürəyi təmiz,
Bu həmin millətdi, yaddaşı yara.
Yadlar qonşuluğa ayaq qoyalı,
Taleyi tuş olub qaranlıqlara.
Fəqət, əyəmməyib zaman, bu ruhu,
Haqqı alınsa da, diri qalıbdı.
Nə olsun yaddaşın tarixçəsində,
Köhnə yaraları yeri qalıbdı.
Dünyanı əzəldən əyibdi, onsuz,
Köhnə fironların tac davaları.
Zəhər toxumu tək əkilib yerə,
İri buynuzların xaç davaları.
Nələrdən keçmişik, görün, nələrdən,
İllər sınağıdı, türkün taleyi.
Bircə damla qanda əli olmayan,
Düzlüyə, saflığa ərkin, taleyi.
Bağrı qan olsa da, özü ölməyib,
Yovşanlı çöllərdə dolanan ruhun,
Bu böyük cahanın hər tərəfində,
Bayatı diliylə çalınan ruhun.
Min oyun görmüşük, min dərd görmüşük,
Dilimiz, dinimiz oda atılıb,
Qolları kəsilən Babəkdən belə,
Eh, daha kimimiz, oda atılıb.
Dünya dəyişdikcə, oyun dəyişib,
Hər təzə oyunun, təzə dəllalı.
Bəla ondadır ki, öz aramızdan ,
Bəzən sıryıblar bizə, dəllalı.
Soyulub dərisi, Nəsimi, kimi,
Doğan arzusuna tor qurulubdu.
Amma bu millətin böyük sevdası,
Tanrıdan ruhuna hopdurulubdu.
Qarşıda elə bir yol dayanıb ki,
Yer yox sualına oldu, olmadı.
Bu yolun bir üzü Turana gedir,
Bu yolun zirvəsi "Qızıl alma" dı.
Kimsə ürəyini sıxmasın, nahaq,
Kimsə qapılmasın ümidsizilyə.
Bizi haqq yolunda diri tutan Haqq,
Özü də dözməyir, bu səssizliyə.