Bütün zəfərlərin bir üzü qəmdi,
Sevinc ola bilməz, müharibələr.
Dünyada yaşamaq indi sitəmdi,
Haqqı üstələyir hər addımda, şər.
Savaş meydanında itən əllərin,
İtən ayaqların sorğusu yoxdu.
Şəhid balasının gözü qapıda,
İllərlə bir rahat yuxusu yoxdu.
İndi ədəb- ərkan elə dəyişib,
İndi söz keçmir ki, silah danışır.
Ədalət illərdi taxtından düşüb,
Günah davalarda günah danışır.
Hər kəsin öz yurdu, öz yuvası var,
Gərək uzanmasın əli, özgəyə.
Həyatın neçə cür qadağası var,
Olmaz dərd verəsən, gəlib özgəyə.
Hər böyük olanın bir dövranı var,
Hər kiçik olanın bəxti öndədi.
Ruhumu içimdən əsir alanlar ,
Gör, neçə zamandı, toy- düyündədi.
Bizim haqqımızdı, udduq davanı,
Amma yarasını sağaltmaq olmur,
Sənə lənət olsun, şərin adamı,
Qaralan günləri ağartmaq olmur.
Hər şəhid bir evin qürur yeriydi,
Sarıldı torpağın yaralarına.
Bayraq tək asdılar ucalıqları,
Neçə ucalığın sıralarına.
Torpaq müqəddəsdi, qədir bilənə,
Qədir bilənlər də elin mərdidi.
Qazinin canına çəkdiyi qəlpə,
Yolları kəsilmiş Vətən dərdidi.
Qalalar hünərdən qurulsun, gərək,
Dünyanın havası ayrı havadı.
Hər böyük zəfərin içində qəm var,
Amma neynəyəsən, dava davadı.