Ruhumuzu çeynəmişdi şah damarından,
Canımızı üşütmüşdü, yad nəfəsləri.
Asmışdılar bu milləti intizarından,-
Torpağın hər qarışında ayaq səsləri.
Elə bil ki, sinəmizə tuşlanan oxdu,
Papaqların gözə girən qanlı ulduzu.
Çox doğulan arzuları bələkdə boğdu,
İstismarın qan qoxulu "şanlı" ulduzu.
Taqətimiz, təpərimiz süngülər altda,
Son tikəmiz təknəmızdən çalındı, susduq,
Xəyalımız göy üzündə, yeddinci qatda,
Taleyimiz əlimizdən alındı , susduq.
Elə bil ki, yadlaşmışdı özümüzə də,
Tarixlərin o tayında qalan izimiz.
Düşmən kimi tanıtdıqca bizi, bizə də,
Pozulurdu doğulardan gələn izimiz.
Öz kökünə balta çalmaq namərd işidi,
"Çörək" dərdi yetirmişdi çökənləri də.
Bu millətin taleyinə bir qarğış idi ,
Aydınını ölümlərə çəkənləri də.
Hanı, pozulur izləri başyeyənlərin,
Hər kəsin yoluna görə qədər yeri var.
Toplarını Bakımıza tuşlayanların,
Yaddaşlarda nifrət yeri, kədər yeri var.
Şükr, daha ümidimiz göyə açılan,
O dağlara öz dumanı, öz sisi hakim.
Çiçəkləyib şəhidlərin axıtdığı qan,
Hər qarışda Azərbaycan sevgisi hakim.
Amma hələ yerindədi, o qanlı ulduz,
Çəkək bütün Vətən boyu, ürək çəpəri.
O bayrağı elə tutaq bu göylərə,-düz,
Havalansın bu bolşevik töküntüləri.
Ucqarlada keşikdədi, aslan oğullar,
Papağında varlığının sevgi nişanı,
Susan dilin, yatan səbrin bir zamanı var,
Qatil dünya gözünü aç, bizi də tanı.