AĞLAMA, ŞƏHİD ATASI
Elə bil
dünyanın qəddi əyilir,
sevinci tükənir,
hamının ürək qapısı dərdlə döyülür,
gözlərin son işığı
dərdə söykənir...
Çəkilir göylərin işığı,
zülmət udur dünyanı,
son ümid bitər kimi.
Ömür yolu uzaq olmur,
bitməyən axşam kimi,
gecikən səhər kimi.
Könlümüzün ucalıq yeri
çinar-çinar oğulların
yaddaş xatirəsi,
Bu milləti MƏN eləyən,
SƏN eləyən,
VƏTƏN eləyən
daş xatirəsi.
Sən bu torpağın varlığını
qeyrətə çevirən bərəkətsən,
mələyini yanına çağıran Tanrı
səni sevəcək,
səni öyəcək , hara getsən.
Bəlkə də
sənin bu göz yaşların
yanağında ulduz-ulduz sevinc bitirmişdi,
igidin doğulanda,
çiçəklərin ən yaxşısını seçmişdin
igid anasına,
ürəyini xalı kimi sərmişdin
oğlun gələn evin astanasına.
Amma
taleyi biz seçmirik ki,
Yaradan seçır,
Ən yaxşıları, ən böyükləri,
ən igidləri özü bilir, hardan seçir.
Balan seçilənlərdən oldu,
ucalanlardan oldu,
Vətəni öz canıyla ucaldanlardan oldu...
Ağlama ŞƏHİD atası,
nolar ağlama.
Sən ağlayanda,
beli bükülür dünyanın...