kargo

“Günay Sığorta” öz ampluasında: “ustalar” zərəri üçqat azaldır

“Günay Sığorta” öz ampluasında: “ustalar” zərəri üçqat azaldır

314
Vətəndaşların “Günay Sığorta” şirkətindən narazılıqları davam edir. Bu dəfə Bakı sakini Mahmud Abbasov şirkətin onu get-gələ saldığını, dəymiş zərərin maksimum az yazılması üçün dəridən-qabıqdan çıxdığını iddia edib.

Qarşılaşdığı problem barədə İndex.az-a danışan M.Abbasov müstəqil ekspert dəyərləndirməsi üçün dəfələrlə şirkətə müraciət etsə də, cəhdlərinin uğursuz olduğunu bildirib. Onun sözlərinə görə, “Günay Sığorta” zərərin qiymətləndirilməsi üçün müstəqil ekspertin seçilməsində vətəndaşa təzyiq etməyə çalışır:

“Bu il mayın 12-də Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Mənə məxsus olan “Mersedes-Benz” markalı avtomobili taksi sürücüsü vurub. Həmin avtomobil “Günay Sığorta”da sığortalı idi. Şirkət dəymiş zərərin hesablanması üçün əvvəlcə məni müqavilə əsasında əməkdaşlıq etdikləri texniki servis mərkəzinə göndərdi. Orada maşının yoxlanmasının səthi aparıldığını müşahidə etdim. Mən buna etiraz etdim, dedim, heç olmasa əyilin, avtomobilin altına baxın. Dedilər ki, yox, biz özümüz bildirəcəyik, sığorta şirkətində dəymiş zərərin məbləği barədə sənə məlumat verəcəklər, biz öz işimizi görürük. Mən də razılaşdım”.

Bir müddət sonra şübhəli durum yarandığını deyən M.Abbasov dəymiş zərərin peşəkar ustalarla birgə yoxlanılması üçün iyunun 13-14-də üç texniki servis mərkəzinə gedib. Onlar qəza nəticəsində maşına təxminən 1000-1200 manat arasında zərər dəydiyini bildiriblər. Ancaq həmin servislər qeyri-rəsmi fəaliyyət göstərdikləri üçün ona rəsmi sənəd təqdim edə bilməyiblər:

“Sonra rəsmi fəaliyyət göstərən “Eleqant avto” şirkətinə müraciət etdim. Onlar 1355 manat zərər dəydiyini bildirdilər. Bu barədə yazılı sənəd tədqim etdilər. Siyahıda hansı işlərin görülməli olduğunu da qeyd ediblər. Mayın 18-də mən “Günay Sığorta”ya yaxınlaşdım. Məni qarşılayan əməkdaş bildirdi ki, maşına dəyən zərər 500 manatdır. Mən buna etiraz etdim. Elə maşına yaxından baxanda 500 manatlıq xərc olmadığı görünür. Usta, rəngsaz, dəmirçi işləri görülməlidir. Bunlar 500 manatdan artıq xərlcərdir. Etiraz ərizəsi yazdım. Ərizədə həm də yazdım ki, zərər aktını göstərsinlər. Mayın 20-də təkrar “Günay Sığorta”dan zəng etdilər. Bildidilər ki, sizin ərizəyə baxılıb. 550 manat məbləğində zərər təyin edilib. Mən yenə etiraz etdim”, – deyə o vurğulayıb.

İyunun 3-də yenidən şirkətin ofisinə gedən vətəndaş “Günay Sığorta”nın təyin etdiyi məbləğin dəymiş zərəri qarşılamadığını bildirib. M.Abbasov növbəti mərhələ olaraq müstəqil ekspertin seçilməsi ilə bağlı ərizə yazıb:

“Müstəqil ekspertin seçilməsi üçün siyahı verdilər. Dedilər ki, 3 nəfər seçə bilərsən, 2 fiziki şəxs, 1 hüquqi şəxs. Mən də eyni qaydada seçdim. Ayın 8-də geri mənə dönüş etdilər. Bildirdilər ki, komissiyamız sizin seçdiyiniz ekspertləri qəbul etmədi. Səbəbi soruşdum. Onlar Mərkəzi Bankdan lisenziya alaraq fəaliyyət göstərən müstəqil ekspertlərdir. Necə qəbul edə bilmərsiz? İşçi söhbət əsnasında ağzından qaçırdı ki, onlar bizimlə əməkdaşlıq etmirlər, üzgün qiymətləndirmə aparmırlar. Mən də dedim ki, əgər elədirsə, onlardan şikayət edin”.

Yenidən ekspert seçməyə razılıq verən M.Abbasova bu dəfə başqa təklif gəlib:

“Mənə bir siyahı təqdim etdilər. Dedilər ki, ancaq bu siyahıdan müstəqil ekspert seçə bilərsən. Ancaq mən buna etiraz etdim. Bilirəm ki, özlərinin işlədiyi ekspertləri seçsəm, əlbir olub onların dediyi məbləği yazacaqlar. Düşdüyüm vəziyyətlə bağlı Mərkəzi Banka məktub yazdım ki, proses şəffaf aparılmır, bürokratik əngəllər yaradılır. İyunun 10-da Mərkəzi Bankdan cavab verildi. Bildirildi ki, zərərçəkmişlə razılığa gəlin, görüşün. Olmasa müstəqil ekspertin təyin olunması prosesini icra edin. İyunun 24-də “Günay Sığorta”dan təkrar mənə zəng etdilər, yenə həmin siyahını verdilər. Mən də qəbul etmədim. Deyirlər ki, biz ekspertin seçilməsində qarşılıqlı razılaşmalıyıq. Mən də dedim ki, o zaman mənim seçdiyim ekspertləri niyə qəbul etmirsiz?”

Müstəqil ekspertin seçilməsində şirkətlər razılığa gələ bilməyən M.Abbasov məhkəməyə müraciət etmək niyyətindədir. Bu barədə sığorta şirkətinə də məlumat verib.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ