kargo

"Laçını ermənilərə bu iki şəxs verdi" - Polkovnik 30 illik SİRLƏRİ AÇDI

"Laçını ermənilərə bu iki şəxs verdi" - Polkovnik 30 illik SİRLƏRİ AÇDI

1 884
Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri, ehtiyatda olan polkovnik Arif Paşa Gundem.az-a müsahibə verib.
"Laçını ermənilərə bu iki şəxs verdi" - Polkovnik 30 illik SİRLƏRİ AÇDI

Materialı təqdim edirik:

- Arif bəy, Laçının Azərbaycana qaytarılmasına sayılı günlər qalıb. Laçın dedikdə ilk yada düşən şəxslərdən biri sizsiniz. İstərdim ki, 30 il öncəyə qayıdaq. Laçının müdafiəsinə cavabdeh olan şəxs kimi sizin işğala münasibətinizi bilmək maraqlı olardı…

- Mən Laçın şəhərində doğulmuşam, laçınlıyam. Hələ sovet dövründə rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini olmuşam. 1988-ci ilin iyununda Laçın rayon Xalq Cəbhəsini yaratmışam və ona başçılıq etmişəm. Cəbhənin İdarə Heyyətinin üzvü seçilmişəm. Sonrakı fəaliyyətim barədə isə yəqin ki, məlumatınız var. Bəli, mən Laçının müdafiəsinə cavabdeh şəxs olmuşam. Laçın işğal olunandan sonra 1993-cü ilin avqust ayında ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunmuşam. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılmışam. Daha sonra özüm məhkəməyə müraciət etmişəm ki, barəmdə istintaq aparılsın, hökm verilsin. 1995-ci ilin mayında bəraət almışam.

- Qayıdaq Laçının işğalına...

- Bəli, mən hələ o zaman da bildirmişəm ki, Laçını ermənilərə Rusiyaya bağlı qüvvələr verdi. O vaxt həm siyasi, həm də hərbi rəhbərlikdə Rusiyaya bağlı olan qüvvələr vardı.

- Bəlkə konkret ad çəkəsiniz?
- 4-cü istiqamət üzrə ərazinin məsul komandiri Elbrus Orucov, onun təsiri altında olmuş, hazırda Rusiyada yaşayan Şahin Musayev. Bunlar Laçının verilməsində bilavasitə günahkar olan şəxslərdir. Rusiya imkan vermədi ki, o adamlar həbs edilsinlər.

- Bəs, sizi niyə həbs etdilər?

- Mən Laçın alayının komandiri idim. Amma Laçının işğalından 18 gün qabaq vəzifəmdən kənarlaşdırılmışdım. Qərargah rəisi Şahin Musayev milli adamları sevmirdi, ona görə də onları ordudan uzaqlaşdırırdı. Milli məfkurəli adamlar ya işdən çıxarılırdı, ya həbs edilirdi, ya da öldürülürdü. Rusiya KQB-si Azərbaycanda at oynadırdı. Mənə qarşı gülünc ittihamlar irəli sürülmüşdü. Üst-üstə 5 il həbsdə qaldım. Milli Məclisin amnistiyası ilə azadlığa çıxmışam. Bizə qarşı repressiya aparanlar 2017-ci ildə Tərtər hadisələrini törədən şəbəkə idi. Milli motivli düşmənçilik, qisasçılıq aparırdılar bizə qarşı. Şükürlər olsun ki, bunlar keçmişdə qaldı. Və biz bu gün doğma Laçınımıza qayıtmaq ərəfəsindəyik.

- Siz Qarabağın işğalını Rusiyanın üzərinə atırsınız. Nə dəyişdi ki, 2020-ci ildə Rusiya Azərbaycanın öz torpaqlarını azad etməsinə mane ola bilmədi?

- Burada bir neçə səbəb var. Ermənistandakı siyasi vəziyyət, Azərbaycan və Rusiya rəhbərliyi arasında münasibətlər və Rusiyanın əvvəlki imkanlarının olmaması. Bu gün Rusiyanın başı öz problemlərinə qarışıb. Rusiyanın türk nəfəsliyi qalıb. Putin ağılsız deyil ki, o nəfəsliyi bağlasın. Bizim qələbəmizin 3 əsas səbəbkarı var. Ali baş komandan ordu və xalq.

- Vaxtilə Xətai rayonunun prokuroru olmuş, hazırda mühacirətdə yaşayan həmyerliniz Mahir Cavadov da sizi Laçını ermənilərə verməkdə ittiham edirdi. Buna münasibətiniz necədir?

- Mənim həbsimin səbəbkarlarından biri də elə Mahir Cavadovdur. Cavadovlar mənim mərhum prezident Heydər Əliyevə qarşı guya terror planımın olması barədə yuxarılara məlumat verdilər və həbsimə bais oldular. Amma sonradan günahsızlığım təsdiq olundu. Ümumiyyətlə, Mahir Cavadovun ağılı yerində deyil. Ağzına gələni danışır. Mən Mahirə təklif etmişdim ki, gəl təkbətək görüşək. Qorxdu, gəlmədi.

- Hazırda ermənilər Laçın şəhəri və ətraf kəndlərdəki evləri yandırırlar. Azərbaycan ordusu bu prosesin qarşısını ala bilərmi?

- Ermənilər eyni vandallğı 2021-ci ildə Kəlbəcərdə də törətmişdilər. Biz imkan verməməliydik ki, ermənilər oranı yenidən odlasınlar. Özümüzü hədsiz humanist kimi göstəririk. Amma unutmamalıyıq ki, özümüzü nə qədər humanist aparsaq belə, Qərbin, Rusiyanın bizə münasibəti dəyişməyəcək. Biz milli iradəyə, daxili gücə güvənməliyik. Biz mütləq yeni Laçın yolunda Nəzarət Buraxılış Məntəqəsi qurmalıyıq. Bunu etməsək ermənilər Qarabağda min hoqqadan çıxacaqlar. Yandırmaq, qırmaq, məhv etmək erməni xislətinin göstəriciləridir.

- Əhalinin Laçına qayıdışını necə görürsünüz? Sizcə, qısa müddət ərzində əhali yurd-yuvalarına qayıda biləcəkmi?

- Mən də istərdim ki, əhali Laçına tez qayıtsın. Amma bu proses bizdən asılı olmayan səbəblərə görə çətindir. Ərazilər minalanıb, ev yox, təsərrüfat yox. Yəqin ki, dövlətin qayıdışla bağlı müəyyən proqramları var. Bir neçə gün öndə “Qaçqınkom”da Laçın, Zabux və Sus kəndlərinin sakinlərilə görüş oldu. Görünür, hökumət Laçın sakinlərini daha tez yerləşdirmək istəyir. Əhalinin Qarabağa köçürülməsi dövlətimizin mövqelərinin orada daha da güclənməsinə səbəb olacaq.

- Sizin Laçındakı eviniz qalırmı?

- Ermənilər Laçına girəndə, bəlkə də ilk yandırdıqları ev mənim evim olub. Onlar məni yaxşı tanıyırdılar. Laçın Alayının komandiri olmuşam. Ermənilərə qarşı bir sıra uğurlu əməliyyatlarımız olub. Onlar məndən qisas almaq istəyirdilər. Həm o vaxtı Dağlıq Qarabağ muxtar vilayətinin erməni rəhbərliyi, həm də Ermənistanın xüsusi xidmət orqanları məni axtarırdılar. 1988-dən mən Qarabağın müdafiəsinə qalxmışam. 88-ci ilin fevralın 15-də Xankəndində erməni separatizminin fəaliyyətə başlamasından iki gün sonra erməni separatizminə qarşı gizli silahlı təşkilat yaratdım. 88-də AXC-nin Laçın rayonu üzrə müdafiə komitəsini yaratmışam. Komitənin sədri olmuşam. İlk milli əsgər marşımız mənin komandiri olduğum alayda səsləndirilib. Azərbaycan DTX-sı, milisi, siyasi rəhbərliyi bizim əleyhimizə idi. Bir tərəfdən də ermənilər ayağa qalxmışdılar. Yəni ermənilər üçün mən sıradan biri olmamışam. Laçına qayıdaq, daha gözəl evlər tikərik.

- Hazırda Dağlıq Qarabağda erməni separatçılarına rəhbərlik edənlərdən kimləri tanıyırsız? Onlarla təmaslarınız olubmu?


- Mənim şəxsən tanıdığım separatçı ermənilərdən çoxu bu gün dünyada yoxdur. Sərkisyanı, Köçəryanı biz adam yerinə qoymurduq. Bizim heç vaxt ağlımıza gəlməyib ki, 60 minlik bir toplum Azərbaycanı məğlub edə bilərdi. Təbii ki, onları Rusiya idarə edirdi. Onda Araik-zad tanınmırdı. Kim idi ki, o? İnşallah, onun da cəzası veriləcək. Mən Xankəndidəki ermənilərin gələcəyini Qarabağda görmürəm. Heç ermənilər də bizimlə bir yerdə qalmaq istəmirlər. Mən həmişəm qeyd etmişəm ki, Qarabağ erməniləri üçün xilas yolu Azərbaycan vətəndaşlığıdır.

Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ