kargo

"Bölgələrdən paytaxta axının qarşısı alınmalıdır" - Deputatdan önəmli TƏKLİFLƏR

"Bölgələrdən paytaxta axının qarşısı alınmalıdır" - Deputatdan önəmli TƏKLİFLƏR

2 807
Artıq bir neçə ildir ki, tıxaclar Bakıdakı ən böyük problemlərdən birinə çevrilib. Əsas məsələ isə bu problemin artıq paytaxtın mərkəz küçələrində günün pik saatlarında deyil, şəhərin istənilən yerində, istənilən saatda baş verməsidir.

Bu məsələ ilə bağlı çoxsaylı şikayətlərin mətbuatda, sosial mediada gündəmdə saxlanılmasına baxmayaraq, problemlə bağlı demək olar ki, heç bir ciddi irəliləyiş əldə olunmayıb. Tədris ilinin başlaması ilə nəinki irəliləyiş, əksinə kəskin geriləmə müşahidə olunur. Bu gün bir çox küçələrdə və yollarda paytaxtın nəqliyyat sistemi iflic olub.

Bəs, problemin həllini tapması üçün hansı addımlar atılmalıdır?

Məsələnin həlli ilə bağlı təkliflərini Redaktor.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirdi ki, bu, böyük iqtisadi, sosial, mənəvi, psixoloji və mühüm bir idarəetmə problemidir, çünki öz-özlüyündə Bakı şəhərinin durumu bütövlükdə ölkə həyatının bütün sferalarına təsir göstərir.

“Bu gərginlik sonradan bölgələrə də ötürülür. Faktiki olaraq, ilbəil situasiya sadələşmək əvəzinə daha da mürəkkəbləşir. Buna görə də, məsələ ilə bağlı parlamentdə hər zaman müxtəlif çağırışlar edilib. Hökumətlə birgə Milli Məclis səviyyəsində müxtəlif dinləmələr, müzakirələr aparılıb və ortaya çoxlu ideyalar, konsepsiyalar, təkliflər, proqramlar qoyulub. Bu məsələnin həlli üçün doğrudur, qabaqcıl Avropa nümunələri özü sonradan çox ciddi dəyişikliklərə məruz qalıblar.

Düşünürəm ki, əhalinin paytaxta axınının qarşısını almaq ən mühüm və birinci tədbirlər sırasında olmalıdır. Biz təhlillər aparmalıyıq. Məsələn, hər il Azərbaycanda orta məktəbi bitirən 110-130 min məzun ordusunun nə qədər hissəsi Bakıya daxil olur? Və onlar burada əmək, mənzil bazarına, o cümlədən nəqliyyat sisteminə nə qədər təzyiq göstərir? Həmin məzunların neçəsi sonradan geri qayıdır? Daxili miqrasiyada bölgələrdən paytaxta axın bu cür qeyri-mütənasibliyin ən böyük səbəbidir. Məsələyə yanaşmam, ilk növbədə fundamental problemlərin həlli üzərindən bölgələrdən paytaxta axının qarşısı alınması barədə tədbirlərin görülməsi yönündədir”,- o dedi.

Komitə sədrinin fikrincə, dünyada məşhur olan nəqliyyat, tıxac sistemi çox təəssüflər olsun ki, bizim ölkədə qurulmayıb:

“Dünya ölkələrində müşahidə edirik ki, bir sıra nəqliyyat sistemləri bir-biri ilə əlaqəli şəkildə işləyir. Məsələn, hava limanından dərhal metroya, ondan sonra isə qatara, avtobusa daxil ola bilərsən. Ən sonda isə taksi xidməti orda olacaq. 4-5 nəqliyyat sistemi vahid xətt sistemi şəklində nəqliyyat qovşaqları qurulub. Bu halda danışmaq olar ki, bizim dəmir yol sistemləri, metro xətləri, taksi, avtobuslar müxtəlif stansiyalar üzrə bir-biri ilə əlaqələnib. Bizdə isə bunu müşahidə etmək qeyri-mümkündür”.

Deputat əlavə edib ki, nəqliyyat sahəsindəki problemlər təkcə bununla da bitmir:

“Digər mühüm məsələ isə ondan ibarətdir ki, ötən illər ərzində Bakıda yüklənmənin əsas səbəblərindən biri yolların müxtəlif qüvvələr, sahibkarlar ordusu tərəfindən tikinti və s. sahələrinə cəlb olunması idi. Bu, nəqliyyat sisteminə çox ağır zərbələr vurdu. Məhz ona görə də, indi problemi bu şəkildə yaşayırıq.

Nəqliyyatın intellekt idarəçiliyinə yüz milyonlarla vəsait ayrılmasına baxmayaraq, biz o intellekt idarəçiliyini bu sahəyə tətbiq edə bilmədik”.

Zahid Oruc qeyd etdi ki, bölgələrdə yetərincə iş infrastrukturu yaradılsa, Bakıdakı yüklənmə azalar, nəticədə isə tıxacların qarşısı qismən də olsa, alınar.

“Onu da açıq demək lazımdır ki, özəl sektorun çox böyük önəmi var. Lakin burada da hamı çoxlu marşrut açmaq ideyası adına çox ciddi qarışıqlıqlar yaradıb. Başa düşüləndir, insanlar gəlir əldə etmək istəyir. Lakin burada da səviyyə, standartlar mövcud olmalıdır.

Bakıda iş infrastrukturu, neft-qaz sektorunun təmərküzləşməsi cəlbedici rolda çıxış edir. Əgər dövlət prosesi bölgələrə doğru keçirə bilsə, subsidiyalar, kreditlər, sosial evlərin hamısı bölgələrdə tikilməsi, o cümlədən azad olunmuş ərazilərə təkcə məcburi köçkünlərin qayıtması üçün yox, daha çox insanların ora dönüşü, iş yerlərinin açılması, təhsil mərkəzlərinin ora köçürülməsi, startap layihələrin hamısının orada qurulması tədricən qarşıdakı dövrdə əhalinin yalnız paytaxtda yığılmasının qarşını alar. Bu da nəqliyyat üzərindəki gərginliyi aradan qaldırardı”,- deyə deputat vurğuladı.

Millət vəkili hesab edir ki, paytaxtdakı tıxac problemi insanların istər psixoloji, istər sosial, istərsə də mənəvi durumuna mənfi təsirlər göstərir:

“İnsanlar nə qədər ki öz zamanlarını yol şəraitində itirirlər, iş yerlərinə əsəblə daxil olurlar və onu mütləq iş mühitində paylaşırlar, həmçinin evə qayıtdıqda də yollardakı tıxac səbəbi ilə gərgin və əsəbi olurlar, buna görə də, bir sıra hallarda ailə münaqişələri və ya idarəetmədə qərarlarının qüsurlu olmasının səbəblərini mən nəqliyyat amili ilə çox dərəcədə əlaqəli görürəm. Bütün bunlar ciddi psixoloji faktorlardır.

Bu səbəblə də mühüm dövlət proqramlarına ehtiyac var. Düşünürəm ki, qarşıdakı zamanlarda parlamentdə bu məsələ ilə bağlı vacib agentlikləri, qurumları, beynəlxalq təşkilatları, xarici mütəxəssisləri də bu işə cəlb edərək addımlar atacaq ki, bu sahədə ciddi dəyişikliklər baş versin”.
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ