kargo

Türkmənistanda məşhurlaşan azərbaycanlı - Eldar Rüstəmov kimdir?

Türkmənistanda məşhurlaşan azərbaycanlı - Eldar Rüstəmov kimdir?

78676
Eldar Rüstəmov Türkmənistanda bütün fəaliyyətini quraq bölgələrin öyrənilməsi və həmin ərazilərdə biomüxtəlifliyinin qorunmasına həsr edib.

O, Türkmənistan, Qazaxıstan, Özbəkistan, İran və Qobi səhrasında araşdırmalar aparır. Quraq və su-bataqlıq ekosistemlərini, Xəzər dənizini tədqiq edir. Eldar Rüstəmov onurğalıların, xüsusən də quşların yayılması, çoxalması və qorunması üzərində işləyir. Türkmənistanda nəsli tükənməkdə olan bir çox quş növünün qorunması və nəsillərinin artırılması proqramlarının həyata keçirilməsinə rəhbərlik edərək, bu sahədə öz müsbət töhfəsini verib.

Türkmənistanın Badxız və Köytəndağ qoruqlarının YUNESKO-nun Ümumdünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün dosyenin hazırlanmasına rəhbərlik edib. Hazırda Mərkəzi Asiyada Ramsar Regional Təşəbbüslər Komitəsinə rəhbərlik, 2015-ci ildən isə Avrasiya Bustard Alyansı ilə əməkdaşlıq edir.
Eldar Rüstəmov 1952-ci il aprelin 16-da Türkmənistanın Aşqabad şəhərində anadan olub. M. Qorki adına Türkmənistan Dövlət Universitetinin (indiki Mahdumkulu adına Türkmənistan Dövlət Universiteti) Biologiya fakültəsini bitirib.

Moskva Dövlət Universitetində namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. 1976-1979-cu illərdə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsində biocoğrafiya ixtisası üzrə aspirantura, 1989-1991-ci illərdə isə doktorantura təhsili alıb.

1980-ci ildə biologiya üzrə fəlsəfə doktoru, 1992-ci ildə biologiya üzrə elmlər doktoru, 1994-cü ildə isə professor elmi adlarını qazanıb. 1980-1987 və 1991-1994-cü illərdə Türkmənistan Dövlət Universitetində dərs deyib.

Azərbaycanlı alimin elmi sahəsi biologiya elmləridir. Eldar Rüstəmov səhra ekosistemləri və bataqlıqlarla bağlı beynəlxalq proqramların həyata keçirilməsi və onların dayanıqlı istifadəsi proqramlarının öyrənilməsi sahəsində fəaliyyət göstərir.

1969-cu ildən Türkmənistan Təbiəti Mühafizə Cəmiyyətinin üzvüdür. 1974-1976-cı illərdə Türkmənistan Dövlət Universitetinin Zoologiya kafedrasında baş laborant işləyib.

1995-1997-ci illərdə Türkmənistan Elmlər Akademiyasının Zoologiya İnstitutunun aparıcı elmi işçisi kimi fəaliyyət göstərib. Həmin illərdə Zoologiya İnstitutunun aparıcı elmi işçisi kimi "Mərkəzi Asiya regionu ölkələrinin biomüxtəlifliyi və quşların mühafizəsi” və YUNESKO-nun Aral dənizi ilə bağlı (Aral Sea Project UNESCO) layihələrini həyata keçirib.

1997-ci ildən beynəlxalq təbiəti mühafizə təşkilatları ilə əməkdaşlıq edir. Həmin ildən Şimali Avrasiya ölkələrinin iki beynəlxalq işçi qrupunun üzvüdür.
1997-2005-ci illərdə Hollandiya Kənd Təsərrüfatı Nazirliyinin köməyilə "PIN/KNIP Wetland International” proqramı üzrə su-bataqlıq quşları resurslarının qiymətləndirilməsi işini aparıb. 2006-cı ildə "Wetland International”-ın Moskva nümayəndəliyinin vasitəçiliyi ilə Mərkəzi Asiya ölkələrində həmin quşların siyahıya alınmasını həyata keçirib. Eyni zamanda, 2007-2010-cu illərdə UNDP/GEF-in "Xəzər layihəsi” çərçivəsində Türkmənistanda bu quşların siyahıya alınması işinə rəhbərlik edib.

2004-2010-cu illərdə IBA/CA proqramı və Böyük Britaniyanın Quşların Mühafizəsi Kral Cəmiyyəti ilə Türkmənistan Təbiəti Mühafizə Nazirliyi arasında sazişlər çərçivəsində "Türkmənistanın mühüm ornitoloji əraziləri” layihəsinin rəhbəri olub. 1996-2008-ci illərdə Ümumdünya Elmi-Tədqiqat Təbiəti Mühafizə İnstitutunda Heyvanlar və bitkilər aləminin Kadastrı Laboratoriyasında, 2009-2012-ci illərdə isə Rusiya Təbiət Elmləri Akademiyasının Biomüxtəlifliyin Mühafizəsi Elmi Mərkəzində aparıcı elmi işçi işləyib.

2009-cu ildən Türkmənistan Elmlər Akademiyasının Rəyasət Heyəti və Türkmənistan Səhra, Bitki və Heyvanlar Aləmi İnstitutu yanında zoologiya və ekologiya üzrə fəlsəfə və elmlər doktorluğu elmi dərəcələrinin verilməsi üzrə iki elmi şuranın üzvüdür.
Rusiya Elmlər Akademiyasının "Aridnıe ekosistemı” jurnalının redaksiya heyətinin və Türkmənistanın ekologiya üzrə Dövlət Komissiyası yanında Ramsar Konvensiyası üzrə işçi qrupun üzvüdür. Bu işçi qrupu BMT proqramları və konvensiyalarından irəli gələn öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi istiqamətində işləyir.

Eldar Rüstəmov 2007-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, 2012-ci ildə isə akademiki seçilib. Eyni zamanda, 1982-ci ildə Menzbir Ornitoloji Cəmiyyətinin, 2005-ci ildən isə Azərbaycan Ornitoloji Cəmiyyətinin üzvüdür.

2006-2011-ci illərdə Dünya Azərbaycanlıları qurultaylarına nümayəndə seçilib. 2012-2013-cü illərdə isə Bakı Humanitar forumlarının iştirakçısı olub.

Elm adamı Türkmənistan Təbiəti Mühafizə Komitəsinin Milli Səhralaşma İnstitutunda fəaliyyət göstərir. Eyni zamanda, Türkmənistan Səhra, Bitki və Heyvanlar aləminin Milli İnstitutunda çalışır.

Eldar Rüstəmov iki yüzdən çox elmi işin, dörd monoqrafiyanın müəllifidir.teleqraf.com

Türkmənistanda məşhurlaşan azərbaycanlı - Eldar Rüstəmov kimdir?
Amia. Az saytın əlaqə nömrəsi 055 776 53 60

XƏBƏR LENTİ