AMİA.AZ xəbər verir ki , tədbirdən əvvəl “AzerGold” QSC-nin rəhbərliyi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub. Daha sonra Şəhidlər Xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən
övladlarının əziz xatirəsi anılıb. Həmçinin Bakı və Gəncə şəhərlərində QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərovun məzarları ziyarət edilib.“AzerGold” QSC və törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin kollektivinin iştirak etdiyi, o cümlədən Bakı və Daşkəsəndə yerləşən inzibati ofis və istehsalat sahələrinin əməkdaşlarının videobağlantı formatında qatıldığı müşavirə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov cənab Prezident İlham Əliyevin 2015-ci il 11 fevral tarixində imzaladığı Sərəncama uyğun olaraq, 2016-ci ilin 5 iyul tarixində fəaliyyətə başlayan şirkətin 7 il ərzində əldə etdiyi əsas nailiyyətlər barədə danışıb. Bildirilib ki, “AzerGold” ötən dövrdə 4 mədən layihəsi – “Çovdar”, “Ağyoxuş-1”, “Mərəh” və nəhayət 2023-cü ilin fevral ayında “Tülallar” qızıl yatağının istismarına başlamağa, eləcə də 1 dəmir filizi yatağı – “Cənub-Şərq” mədəninin işlənməsini həyata keçirməyə nail olunub. Yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan şirkət hazırda həmin mədənin bazasında yaradılmış 1 regional emal sahəsi, 2 törəmə cəmiyyət – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC ilə yoluna davam edir.











